Gənclərin İnkişaf və Karyera Mərkəzinin İmişli nümayəndəliyində narkotik asılılıq probleminə dair təlim təşkil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin İmişli nümayəndəliyində təlim keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, təlimdə işçi qrupunun məsul əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” bukletlər, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça iştirakçılara təqdim olunub.