Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində bilikləri artırılır
Bakı, 1 noyabr (AZƏRTAC). “Gənclik Təşəbbüsləri” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əmək bazarında mövcud olan qanunazidd əmək münasibətləri haqqında gəncləri məlumatlandırmaq məqsədi ilə “Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması” layihəsinə başlamışdır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları ilə bağlı təlim modulları hazırlanacaqdır.
Əmək müqaviləsinin əsasları təlimində işçinin və işəgötürənin əsas vəzifə və hüquqları göstəriləcəkdir. Bununla yanaşı, əmək müqaviləsinin bağlanması qaydası, şifahi və yazılı əmək müqavilələri arasında münasibət, müddətli və müddətsiz əmək müqavilələri, əmək müqaviləsi bağlanarkən işçinin təqdim etməli olduğu sənədlər, əmək müqaviləsinin qüvvəyə minməsi, sınaq müddəti və digər mühüm məlumatlar diqqətə çatdırılacaqdır. Sonda hər bir iştirakçı təlimdən yazılı şəkildə “İdeal əmək müqaviləsi” ilə ayrılacaqdır.
Məşğulluğun əsasları təlimi isə ilk dəfə iş axtaranlar, münasib iş, vakansiya, əmək bazarı, kvota, işsiz statusunun verilməsi qaydaları, peşə hazırlığı və bu kimi digər mövzulara həsr olunacaqdır.
Növbəti təlimdə gənclər əməyin mühafizəsinin əsas prinsipləri, əməyin mühafizəsi üzrə qəbul edilmiş normativ-hüququ aktlar, eləcə də əməyin mühafizəsi sahəsində işəgötürənin, mülkiyyətçinin məsuliyyəti, istehsalatda baş verən bədbəxt hadisələrin uçota alınması, layihələrdə əməyin mühafizəsi şərtləri, işçilərin təlimatlandırılması, işçilərin sosial sığortası və bu münasibətlərin tənzimlənməsi, icbari tibbi müayinələr kimi mövzularda məlumatlandırılacaqlar.
Bundan əlavə, gənclər üçün əmək münasibətləri, əməyin mühafizəsinin norma və qaydaları ilə bağlı tövsiyələrdən ibarət cib kitabçası hazırlanacaqdır. Burada “Ən çox verilən suallar” formatından istifadə ediləcəkdir. Eyni məlumatlar xüsusi hazırlanmış Gencler.az web səhifəsində yerləşdiriləcəkdir. Carı problemlərinin həlli ilə bağlı tövsiyələr onlayn müraciətlər əsasında email vasitəsilə veriləcəkdir. Seçilmiş cavablar veb-səhifədə yerləşdiriləcəkdir.
Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.7 yarımbəndinin (Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrası məqsədilə həyata keçirilir.