Gender bərabərliyinin təmin olunması sahəsində dövlət-QHT əməkdaşlığının gücləndirilməsinə dair təlimlər keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Gender bərabərliyinin təmin olunması sahəsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının gücləndirilməsi” mövzusunda təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimlərin açılışında çıxış edən AQUPDK-nın sədr müavini Aynur Sofiyeva bildirib ki, gender bərabərliyinin təmin olunması sahəsində vətəndaş cəmiyyəti və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Avropa ölkələrinin müsbət təcrübələrinin öyrənilməsi istiqamətində bu cür təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür. Bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, dövlət və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirir. Bu sahədə görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların diqqətindədir. Dövlət Komitəsi bu cür təlimlərin təşkil edilməsi ilə gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün çalışır.
Təlimlər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbər əvəzi Aleksandra Nerisanu və Avropa İttifaqının Koordinasiya Şurasının əməkdaşı Magda Zupancic, AMEA Qadınlar Şurasının sədri, “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf tərəfindən “Azərbaycanda gender siyasəti və vətəndaş cəmiyyəti: reallıq və təcrübə”, “Vətəndaş cəmiyyəti tərəfindən gender siyasətinin təbliği”, “Gender əsaslı zorakılığın qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti və dövlət orqanlarının birgə əməkdaşlığı”, “Gender əsaslı zorakılığın qarşısının alınması sahəsində Sloveniya Respublikasının müsbət təcrübəsi” və digər mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.