Geologiya və Geofizika İnstitutunun alimləri patentləşdirilmiş ixtiralarını YT Parka təqdim ediblər
Bakı, 28 fevral, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, akademik Əkbər Feyzullayev, texnika elmləri üzrə fəlsəfə doktoru Mirəli Alosmanov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli və Neft və Qaz İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd GGİ alimlərinin yeni ixtirası olan meliorant maddəsinin geniş müzakirəsi və gələcəkdə kommersiyalaşdırılması üzrə təkliflərin dinlənilməsi olub. Əvvəlcə YT Parkın direktoru Nazim Şükürov çıxış edərək qurumun ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, bir neçə adda rəqabətədavamlı məhsulun istehsal olunduğunu, ölkənin idxal asılılığının azaldılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Alim yeni ideyaların uğurlu tətbiqi üçün texniki-iqtisadi əsaslandırılmanın, həmçinin satış bazarı və marketinqin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
D.Hüseynov GGİ alimlərinin son illər uğurlu elmi nəticələr əldə etdiyini vurğulayıb. O, innovasiyalı layihənin gələcəkdə kommersiyalaşdırlması üzrə təklifləri ekspertlərin diqqətinə çatdırıb.
İxtira barədə ətraflı məlumat verən Mirəli Alosmanov istehsalı nəzərdə tutulan yeni meliorant maddəsinin Azərbaycanda şorlaşmış torpaqların duzlardan təmizlənməsinə və yararlı vəziyyətə gətirilməsinə xidmət edəcəyini bildirib. Qeyd edib ki, yeni üzvi mineral kompleksinin istehsalı üçün xammal isə dağ-mədən və neft sənayesi tullantıları, məişət tullantılarının utilizasiyası nəticəsində alınan maddələrdən ibarət olacaq. M.Alosmanov YT Parkın ekspertlərinin suallarını cavablandırıb.
Müzakirələr zamanı məlum olub ki, istehsalı nisbətən ucuz başa gələcək "meliorant" torpağı məhsuldar vəziyyətə gətirmək üçün lazımi maddələrlə zənginləşdirməklə yanaşı, ölkədə qeyri-məhsuldar torpaqların tam təmizlənməsinə, ekoloji balansın sabitliyinə, gübrə idxalının azaldılmasına və məhsuldarlığın artırılmasına zəmin yaradacaq.
Sonda YT Parkda təcrübə-sənaye qurğusu əsasında təklif olunan texnologiya ilə meliorant və üzvi-mineral xüsusiyyətə malik kompleks birləşməsinin istehsalı üçün hazırlıq işlərinin görülməsi və şoran torpaqlarda sınaq təcrübələrinin təşkili qərara alınıb.