Geotermal energetika inkişaf etməkdə olan ölkələrə yeni imkanlar vəd edir
Bakı, 8 aprel, AZƏRTAC
Geotermal enerji - Yerin altından çıxan istilik enerjisi axını inkişaf etməkdə olan ölkələrdə iqtisadi səmərəliliyin və kənd təsərrüfatı məhsulunun davamı istehsalının təmini üçün unikal imkanlar yaradır. Bu gün dünyanın otuz səkkiz ölkəsinin kənd təsərrüfatında geotermal enerjidən istifadə edilir. Onların sırasında İslandiya birinci yerdədir.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Geotermal enerjidən qida sənayesində və kənd təsərrüfatında istifadə” adlı yeni məruzəsində yer alıb. Məruzənin müəllifləri qeyd edirlər ki, istilik enerjisi kənd təsərrüfatı sektorunda istixanaların, torpağın və suyun qızdırılması və balıqçılıq üçün əsas mənbə ola bilər. Ondan ərzaq məhsullarının qurudulması, südün pasterizasiyası və məhsulların sterilizasiyası üçün istifadə etmək mümkündür.
FAO-nun kənd infrastrukturu və aqrosənaye bölməsinin böyük iqtisadçısı Karlos da Silva deyib: “Bu, bərpa olunan və təmiz enerji mənbəyidir, bundan başqa geotermal enerjidən istifadə edilməsinə qoyulan ilkin investisiyalardan sonra o ucuzlaşacaq”.
Karlos da Silva vurğulayıb ki, bu təmiz enerji mənbəyinin köməyi ilə nəinki maya dəyəi problemini həll etmək, həm də ərzaq məhsullarının istehsalı və emalı nəticəsində ətraf mühitə dəyə biləcək zərərli təsirdən qaçmaq olar.
FAO-nun kənd infrastrukturu və aqrosənaye bölməsinin direktor müavini Divayn Njie isə bunları əlavə edib: “Geotermal enerjidən kənd təsərrüfatında hətta kiçik miqyasda belə istifadə etmək olar ki, bu da inkişaf etməkdə olan ölkələrdə gəlirlərin formalaşmasına, məşğulluğun təmin olunmasına, ərzaq sabitliyinə və qida təhlükəsizliyinə əhəmiyyətli töhfə verə bilər”.
Hazırda dünyanın 38 ölkəsində kənd təsərrüfatı istehsalında geotermal enerjidən istifadə olunur. Onun köməyi ilə 24 ölkə elektrik enerjisi əldə edir. Bununla yanaşı, İslandiya, Kosta-Rika, Salvador, Keniya, Yeni Zelandiya və Filippin elektrik enerjisinə bütün tələbatın 10 faizini təbii istilik mənbələrindən alır.
İslandiya 1920-ci ildən etibarən kənd təsərrüfatında geotermal enerjidən istifadə sahəsində liderlik edir. İstixanaların qızdırılması ilə yanaşı İslandiyada təxminən 20 şirkət ildə 2000-4000 ton balığı geotermal enerjidən istifadə etməklə qurudur.
İnkişaf etməkdə olan ölkələrdə ilkin mühüm xərclər geotermal enerjidən geniş istifadə edilməsində əsas çətinlik olaraq qalır. FAO-nun ekspertləri hökumətlərə yeraltı istilik mənbələrinə investisiyaların cəlb edilməsi rolunu öhdələrinə götürməyi tövsiyə edirlər.