MƏDƏNİYYƏT
“Geri dönüş” filmi üzərində işlər yekunlaşmaq üzrədir
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən olan “Geri dönüş” tammetrajlı sənədli filmi üzərində işlər yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, hazırda filmin rənglənmə və musiqi tərtibatı prosesi davam etdirilir. Filmin yaxın zamanda təqdimatı planlaşdırılır.
Ekran əsərinin rejissoru, ideya və ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadə, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur.
Filmdə göstərilir ki, Elməddinin arıçılıqla məşğul olan atası Aftandil kişi və ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb. O zaman Aftandil kişinin bütün arı təsərrüfatı, pətəklər Laçında qalıb. Ailə daha sonra Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olub. Nəhayət, 30 ildən sonra ata öz arılarını götürüb el-obasına geri dönüb. Filmdə ailə üzvlərinin işğaldan azad olunandan sonra ilk dəfə öz evlərinin qalıqlarını görməsi ilə bağlı kadrlar da yer alıb.