“GİLAN” TİKİNTİ MATERİALLARI İSTEHSALI MÜƏSSİSƏLƏRİ KOMPLEKSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev “Gilan” tikinti materialları istehsalı müəssisələri kompleksinə gəlmişdir. Dövlətimizin başçısı burada iki qum-çınqıl zavodu və asfalt zavodu, tikilməkdə olan kərpic zavodu və yeni yaradılmış “Aqrotexservis”lə tanış oldu, Belarusdan alınmış kənd təsərrüfatı texnikasına baxdı.
Müəssisənin rəhbəri Tofiq Allahverdiyev bildirdi ki, “Gilan” tikinti materialları istehsalı müəssisəsi 2004-cü ildə yaranıbdır. Kompleksə 4 zavod, 1 aqroservis xidməti daxildir. Qum-çınqıl zavodlarından birinin dəyəri 200 min ABŞ dolları, sutkalıq istehsal gücü 500 kubmetr, ikincisinin dəyəri 60 min ABŞ dolları, sutkalıq istehsal gücü 200 kubmetrdir. Zavodlar iki növbədə işləyir, hər növbədə 50 nəfər çalışır.
2005-ci ilin aprel ayında fəaliyyətə başlayan asfalt zavodunun saatda 60 ton məhsul buraxmaq gücü var. Burada iki növbədə 30 nəfər işləyir.
Kərpic zavodunda dəyəri 3 milyon ABŞ dolları olan avadanlıq quraşdırılır. Zavodun tikintisində 150 nəfər çalışır və yaxın vaxtlarda işə başlaması nəzərdə tutulur. Zavod ildə 30 milyonadək kərpic buraxacaq və burada bir növbədə 70 nəfər çalışacaqdır.
“Aqrotexservis”in 1 milyon ABŞ dolları həcmində avadanlığı və 30 ədəd kənd təsərrüfatı texnikası, habelə texniki yardım və təmir emalatxanası var. Yaxın vaxtlarda texnikanın sayı 60-a çatdırılacaqdır. Fermerlərə və torpaq sahiblərinə texniki xidmət göstərən “Aqrotexservis”də 60 nəfər çalışır. Mütəxəssislər hazırlayan kurslar da açılmışdır.
Prezident İlham Əliyev istehsal sahələri ilə tanış oldu, görülən işlərin genişləndirilməsinin vacibliyini bildirdi. Sonra bu müəssisəyə iki ədəd “Belarus” markalı traktor hədiyyə etdi.
Dövlətimizin başçısı İlham Əliyev buraya toplaşan rayon sakinləri ilə səmimi görüşüb söhbət etdi, onların problemləri ilə maraqlandı, şikayətlərini dinlədi və məsələlərin həll olunacağını bildirdi. Sakinlər ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırlayaraq, onun yolunu davam etdirdiyinə və rayonlarda, bölgələrdə əhalinin vəziyyətinin yaxşılaşdırılmasına görə Prezidentə minnətdarlıq etdilər.