“GİLAN” YEYİNTİ MƏHSULLARI İSTEHSALI MÜƏSSİSƏSİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə “Gilan” yeyinti məhsulları istehsalı müəssisəsinin açılışında iştirak etmişdir. Bu müəssisə fındıq emalı və çörək zavodlarından ibarətdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.
Müəssisənin rəhbəri Rauf Hacıyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, fındıq emalı zavodunda son tamamlama işləri gedir. Hazırda burada avadanlığın quraşdırılması işlərində 120 nəfər çalışır. Müəssisə avqust ayında işə başlayacaqdır. Burada quraşdırılan avadanlıq yerli istehsaldır və dəyəri 600 min ABŞ dollarıdır. Sutkada 50 ton fındıq emal ediləcəkdir. Zavodun işə düşməsi fındıqçılığın inkişafına təkan verəcək ki, bu da minlərlə ailəyə əlavə qazanc gətirəcəkdir.
Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni basdı.
“Gilan” yeyinti məhsulları müəssisəsinə daxil olan çörək zavodu bu ilin aprel ayından işləyir. Burada Türkiyədə istehsal edilən və 90 min ABŞ dolları dəyəri olan avadanlıq quraşdırılmışdır. Sutkada 20 ton çörək və bulka məmulatı bişirilən zavodda bir növbədə 30 nəfər işləyir.
Prezident İlham Əliyev müəssisənin istehsal sahələrinin genişləndirilməsinə və yeni iş yerlərinin açılmasına diqqət yetirilməsinin vacibliyini bildirdi.
Dövlətimizin başçısı müəssisədə görülən işləri yüksək dəyərləndirdi və burada çalışan fəhlələrə uğurlar arzuladı.