Giləzi–Xızı Fındığan avtomobil yolunun tikintisi yaxın zamanda yekunlaşdırılacaq VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Xızı rayonunun Giləzi-Xızı-Fındığan avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü kilometrindən götürən Fındığan yolunun uzunluğu 5 kilometr olmaqla, IV texniki dərəcəlidir.
Tikinti layihəsinə uyğun olaraq, sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır.
Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə 64 poqonmetr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 poqonmetr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.
Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolboyu 30 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Layihəyə görə, hərəkətin normal təşkili üçün yolboyu 2 yerdə avtobus dayanacağı tikiləcək, 23 ədəd yol nişanı və 200 ədəd siqnal dirəyi quraşdırılacaq.
Ümumilikdə, sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.