“GİNius tələbə-gənclər kuboku 2025”in final mərhələsinin açılışı olub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan İdman Akademiyasında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “GİNius tələbə-gənclər kuboku 2025” intellektual-əyləncəli oyunun final mərhələsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İndira Hacıyeva Azərbaycan gənclərinin intellektual müsabiqələrdə fəal iştirak etdiyini deyib. Onun sözlərinə görə, təhsil, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafına şərait yaradır.
ATGTİ-nin sədri Rəşad Zeynalov isə dövlətin hər istiqamətdə gənclərə dəstək olduğunu bildirib. O, bu dəstək sayəsində Azərbaycan gənclərinin beynəlxalq yarışlarda öz sözünü deməyə nail olduğunu söyləyib.
Sonra final mərhələsinə start verilib.
Layihədə respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edirlər.
Verilən suallar dünyada baş verən məsələlər, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası istiqamətində hazırlanıb.
Bu il oktyabrın 16-da start götürən oyunlarda ümumilikdə 10 yarımfinal qarşılaşması keçirilib. Bu mərhələyə Sumqayıt, Quba, Mingəçevir, Gəncə, Lənkəran, Tərtər və Naxçıvan Muxtar Respublikası üzrə 7 , həmçinin Bakı şəhəri üzrə 3 yarımfinal oyunu daxildir.
Ümumilikdə respublika üzrə yarımfinal mərhələlərində 86 ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 164 komandadan 820 nəfər tələbə iştirak edib.
Final mərhələsində qalibiyyət uğrunda 33 komanda mübarizə aparacaq. Bakı şəhəri üzrə 11, Naxçıvan Muxtar Respublikası, Sumqayıt şəhəri, Quba rayonu, Mingəçevir şəhəri, Gəncə şəhəri, Tərtər rayonu üzrə 3, Lənkəran şəhəri üzrə 4 komanda mübarizə aparır.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsidir.