GİZLİ HƏBSXANALARLA BAĞLI MƏRUZƏDƏ AZƏRBAYCANIN ADI ÇƏKİLMİR
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov iclasda iştirak etmişdir.
Avropada gizli həbsxanalar məsələsi daha geniş müzakirələrə səbəb olmuşdur. Bu müzakirələrdə AŞPA-nın baş katibi və sədri də çıxış etmişdir.
R.Hüseynov çıxışında demişdir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə Avropa Şurasının bütün ölkələri və dünyanın mütərəqqi dövlətləri ilə daim həmrəydir. Çünki Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkədir. Azərbaycan Ermənistan tərəfindən mütəmadi olaraq terror aktlarına məruz qalmış, ermənilərin metroda, avtobuslarda və digər məntəqələrdə törətdikləri terror aktları nəticəsində yüzlərlə insanın həyatına son qoyulmuş, ölkəmizə ciddi maddi ziyan dəymişdir. Buna görə də Azərbaycan terrorizmi həmişə pisləmiş və ona qarşı mübarizə aparan bütün qüvvələrlə həmrəy olduğunu bildirmişdir.
Eyni zamanda, Azərbaycanın işğal altındakı əraziləri nəzarətsiz zonalardır, beynəlxalq nəzarətdən kənardadır. Ermənilərin də bu zonalarda əsirləri saxladıqları gizli həbsxanaların mövcudluğu barədə çoxlu faktlar vardır. Bu məsələnin özü də ayrıca müzakirəyə ehtiyacı olan problemdir. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorizmdə şübhəli bilinənləri saxladıqları gizli həbsxanalar məsələsinə gəlincə, burada problemin həlli ilə əlaqədar Avropa Şurasının üzvü olan bütün dövlətlərin həmfikir olması, əməkdaşlıq etməsi və biri-birinə informasiya mübadiləsi ilə yardımçı olması zəruridir.
Azərbaycanlı deputat onu da vurğulamışdır ki, isveçrəli deputat Dik Martinin problemlə bağlı hazırladığı məruzədə, aparılan təhqiqatlarda Azərbaycanın adının olmaması çox sevindirici haldır. Çünki ölkəmizdə, həqiqətən də, heç vaxt gizli həbsxanalar olmamışdır. Bununla belə, Azərbaycan bu problemlə bağlı Avropa Şurası, bu sahədə təhqiqat aparan müxtəlif qurumlarla əməkdaşlıq etməyə daim hazırdır.
X X X
Rafael Hüseynov AŞPA-nın yay sessiyası ərəfəsində daha bir sənədin layihəsini hazırlamışdır. Bu sənəd “Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti” adlanır. Sənəd hələlik layihə halındadır və Avropa Şurası katibliyi tərəfindən rəsmən qəbul edilməsi üçün onu AŞPA-da təmsil olunan bir sıra deputatların imzalaması lazımdır. İndiki iclasda isə Hüquqi məsələlər və insan hüquqları komitəsindəki bəzi deputatlar layihə ilə tanışlıqdan sonra müəlliflə həmfikir olduqlarını bildirmiş və onu imzalamışlar. Layihə ilə bağlı imzatoplama prosesi qarşıdakı yay sessiyasında davam etdiriləcəkdir. Deputatımızın fikrincə, ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasətinin bütün tarixi mərhələlərini əks etdirən layihə bu mötəbər Avropa qurumunda Ermənistanı ifşa edən ən ciddi sənədlərdən biri olacaqdır.