Gömrükçülər üçün “Kontrafaktlığa və piratçılığa qarşı mübarizə” adlı seminar başlayıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Kontrafaktlığa və piratçılığa qarşı mübarizə” mövzusunda seminar başlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən seminarı Ümumdünya Gömrük Təşkilatı (ÜGT) keçirir.
Tədbirin açılışında ÜGT-nin əqli mülkiyyət hüquqları, təhlükəsizlik və sağlamlıq proqramı üzrə meneceri Maurice Adefalou və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hüquq məsləhətçisi Samer Al-Taravneh çıxış edərək əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt mallara qarşı mübarizənin əhəmiyyətindən danışıblar. Gömrük orqanlarının bu sahədə fəaliyyətinin səmərəliliyinin artırılmasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, seminar əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt mallara qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək, əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov əqli mülkiyyət hüquqlarının qorunması, kontrafaktlığa və piratçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün gördüyü işlərdən bəhs edib. Bu məqsədlə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində aparılan təkmilləşdirmələr, risklərin idarəolunması sistemində yeniliklər, gömrük əməkdaşlarının potensialının artırılması və hüquq sahibləri ilə əməkdaşlıq sahəsində atılan addımlar barədə məlumat verilib.
Seminar zamanı ÜGT və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mütəxəssisləri əqli mülkiyyətin mühafizəsi, COVID-19 zamanı əqli mülkiyyət hüquqlarının pozulması halları, eyni zamanda, bu sahədə Azərbaycan gömrüyünün gördüyü işlərlə bağlı təqdimatlar keçirəcəklər. Həmçinin hüquq sahibləri qismində müxtəlif şirkətlər tərəfindən seminar iştirakçılarına məlumat veriləcək.
Seminar 3 gün davam edəcək.