Goranboy rayonunda qazilərlə keçirilən görüşdə onların istək və arzuları dinlənilib
Bakı, 22 may, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsinin iştirakçısı olan qazilərlə Goranboy rayonunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri iştirak ediblər.
Tədbirdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən qazilərimiz Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar.
Daha sonra qazilər Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıblar. Vətən müharibəsinin iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar, müharibə ilə bağlı xatirələrini, göstərdikləri igidlikləri bölüşüblər.
Görüşdə qazilərimizin istək və arzuları dinlənilib, bəzi məsələlər müzakirə olunub.