REGİONLAR
Goranboyda Nizami Gəncəvinin 881 illiyinə və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib
Goranboy, 9 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Goranboy rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 881 illiyinə və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Goranboy və Xocalı rayonları üzrə mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Qonaqlar Gəncə və Goranboy Dövlət Rəsm qalereyalarının, Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birlikdə təşkil etdikləri sərgi ilə tanış olublar.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib.
Çıxış edən Vasif Cənnətov dahi Azərbaycan şairi Nizami Gəncəvinin 881 ildönümündən və “Şuşa İli”ndən bəhs edib. Qeyd edib ki, Regional İdarənin tədbirlər planına uyğun olaraq “Şuşa İli”nə həsr olunan silsilə tədbirlər cari ilin əvvəlindən bütün mədəniyyət müəssisələrində davam edir.
AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvinin həyatı, yaradıcılığı barədə, Nizami irsinin tədqiqi və təbliği barədə danışıb.
Dahi şəxsiyyət Nizami Gəncəviyə həsr olunan videoçarx nümayiş edilib.
Tədbirdə Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Elşən İmanov “Sənsiz” romansını, Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin “Cahid” rəqs ansamblı “Naz eləmə” rəqsini, Goranboy rayon Xanqərvənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Məhərrəm Məhərrəmov Azərbaycan xalq mahnısı “Sarı gəlin”i, “Türkün bayrağı”, Goranboy rayon Qızılhacılı qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdi, VIII Respublika Muğam müsabiqəsinin diplomatı Abbas Mənsimov “Xudayar təsnifi - Vətən yaxşıdır”, məktəbin şagirdi və “Şuşa İli” çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsinin III yerin qalibi Tunar Salahov “Şuşanın dağları” mahnılarını ifa ediblər. Abbas Mənsimov və Tunar Salahov “Qarabağ şikəstəsi” muğamını birlikdə təqdim ediblər.