MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Arif Məlikovun 90 illiyinə həsr olunmuş növbəti tədbir
![](/files/galleryphoto/2023/3/1200x630/170358551115101834_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703585511891336384_1200x630.jpg)
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Yaradıcılıq Fondunda dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, Dövlət mükafatları laureatı, Xalq Artisti Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilmiş növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Əməkdar artist, Beynəlxalq müsabiqə laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Nigar Məlikova, “Arif Məlikov - tarix və müasirlik” kitabının müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən İbrahimova, həmçinin Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak ediblər.
Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini Rafiq Kaşanlı və “NG Creators Club”ın direktoru Natiq Əliyevin rəhbərliyi ilə təşkil olunan tədbirdə Arif Məlikovun həyat və yaradıcılığından söhbətlər aparılıb, bu çoxşaxəli şəxsiyyətin fəaliyyəti ilə bağlı maraqlı faktlar xatırlanıb. Sənətkarın geniş kütləyə məlum olmayan əsərləri dinlənilib, 1978-ci ildə onun musiqisi əsasında yaradılmış “Qız Qalasının əfsanəsi” cizgi filminə baxılıb.
Gecədə “Qori seminariyasının pedaqoji irsi” silsiləsindən “Musiqi qalası” layihəsi də müzakirə olunub.