ELM VƏ TƏHSİL
Görkəmli jurnalist, ictimai xadim və pedaqoq
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-si görkəmli jurnalist və pedaqoq, ictimai xadim Nəsir İmanquliyevin doğum günüdür. Şərəfli ömür yolu keçmiş Nəsir İmanquliyevin Azərbaycan mətbuatının, təhsilinin, mədəniyyətinin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolu olub.
AZƏRTAC görkəmli ictimai xadim Nəsir İmanquliyevin doğum günündə onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarına bir daha nəzər salır:
Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Neft Texnikumuna qəbul olub. Mətbuata xüsusi maraq göstərib. Müxtəlif qəzetlərdə, o cümlədən “Kommunist”, “Yeni yol”, “Gənc işçi”də ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, həmçinin hərbi hissədə tərcüməçi kimi çalışıb. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin olunub, bu qəzetdə müxtəlif mövzularda məqalələri yer alıb.
Nəsir İmanquliyev 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə universitetin Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə BDU-da Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. Bacarıqli jurnalist kadrlarının hazırlanmasına böyük əmək sərf edib. 1958-ci ildə “Bakı” və “Baku” (1953) axşam qəzetlərinin baş redaktoru olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Nəsir İmanquliyev mətbuatımızın müasirləşdirilməsinə böyük töhfələr verib, milli ənənələrə bağlı orijinal jurnalistlik məktəbi yaradıb. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilə həsr edən professor Nəsir İmanquliyev səmərəli pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasına əvəzsiz töhfələr verib. O, “Radio proqramı”, “Vətənin səsi”, “Bakı” və “Baku” qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, pedaqoq və jurnalist kimi çoxsahəli fəaliyyətində doğma Vətənə və xalqa ləyaqətlə xidmət edib.
Görkəmli ictimai xadim və böyük şəxsiyyət kimi tanınmış Nəsir İmanquliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.