GÖRÜNMƏYƏN ŞÜALAR BƏDXASSƏLİ ŞİŞLƏRİ MÜALİCƏ EDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Olster Universitetinin tədqiqatçıları belə qənaətə gəlmişlər ki, rentgen şüalarının köməyi ilə insan genlərini xərçəng şişləri ilə mübarizəyə səfərbər etmək olar. Alimlər xərçəng xəstəliyinin müalicəsində radioterapiyanın səmərəliyini artırmaq üsullarını axtararkən məlum olmuşdur ki, rentgen şüaları canlı hüceyrələrdə azot oksidin səviyyəsinə məsul olan genlərə təsir göstərir, onların artmasına kömək edir. Azot oksidi orqanizmdə bir sıra faydalı funksiyaları yerinə yetirir, lakin onun molekullarının həddən artıq olması hüceyrələrin vaxtından əvvəl məhvinə gətirib çıxarır. Bu, xərçəng hüceyrələrinə də aiddir. Sağlam hüceyrələrdən fərqli olaraq, onlar ölmürlər, yalnız bölünərək aramsız çoxalırlar. Yeni üsul ənənəvi radioterapiyada istifadə edildiyindən xeyli az şüa ilə xərçəng hüceyrələrini məhv etməyə imkan verir. Şüanın fokusa dəqiq yığılması yalnız xərçəng hüceyrələrinin məhv olmasına, sağlam hüceyrələrin isə toxunulmaz qalmasına təminat verir. Laboratoriya tədqiqatlarında bağırsaq xərçənginə və fibrosarkomaya tutulmuş xəstələr yeni üsulla müalicə olunmuşlar. Tədqiqat proqramının rəhbəri professor Devid Hirst demişdir: ”Biz radioterapiyanın səmərəliyini ikiqat artırmağa nail olmuşuq. Bu o deməkdir ki, tibb işçiləri ya şüalanma dərəcəsini iki dəfə azaltmaq və kənar təsirləri aradan qaldırmaqla, yaxud da iki dəfə çox xərçəng hüceyrələrini məhv etməklə eyni nəticəyə gələ bilərlər. Bir çox alimlər xüsusi virusların köməyi ilə xərçəng hüceyrələrində gen mutasiyaları yaratmaq üzərində çalışırlar. Hər iki üsulun üstün cəhətləri və çatışmazlıqları var. Ona görə də hansı üsulun daha səmərəli olduğunu aydınlaşdırmaq üçün əlavə tədqiqatlar aparmaq lazımdır.
Bununla əlaqədar, yeni üsul klinik şəraitdə kütləvi sınaqdan keçirilməlidir.