İQTİSADİYYAT
GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Fevralın 7-8-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında “Birbaşa xarici investisiyalar və ətraf mühit” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda İƏİT üzvü və bu təşkilata üzv olmayan ölkələrdən yüzə yaxın nümayəndə iştirak etmişdir.
Respublikamızı bu konfransda Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəis müavini Fikrət Paşayev və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri İsrafil Əhmədov təmsil etmişlər. Onlar konfransda çıxış edərək ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən tədbirlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, ölkəmizdə əsasən neft və qaz sektorunda fəaliyyət göstərən iri beynəlxalq şirkətlər artıq bir sıra layihə və proqramlar həyata keçirmişlər. Eyni zamanda, yeni layihələrin işlənib hazırlanması, dövlət və beynəlxalq şirkətlər arasında əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi sahəsində iş aparılır.
Nümayəndə heyətimizin üzvləri İƏİT Baş katibinin müavini Sençi Kondo, bu təşkilata üzv olmayan ölkələr ilə əməkdaşlıq mərkəzinin direktoru Erik Burjo, maliyyə, büdcə və müəssisələr departamentinin direktor müavini Rayner Qayçer ilə görüşlər keçirmişlər. Görüşlər zamanı İƏİT ilə Azərbaycanın müvafiq dövlət qurumları arasında əlaqələrin genişlənməsi, İƏİT tərəfindən ölkəmizə texniki yardımın artırılması və digər məsələlər ətraflı müzakirə olunmuşdur.
Fransa Xarici İşlər Nazirliyinin Şərqi Avropa Departamentinin rəis müavini Prer Koşar və Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamentinin region üzrə məsul işçisi Jan-Fransua Bijon ilə keçirilmiş görüşlərdə Fransa və Azərbaycan arasında ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və texniki yardım məsələləri haqqında fikir mübadiləsi aparılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris