REGİONLAR
Göyçayda qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə məsələləri müzakirə olunub
Göyçay, 22 dekabr, AZƏRTAC
Göyçayda Ağsu Regional Miqrasiya İdarəsi “Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Regional miqrasiya idarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə üzvləri və sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Maarifləndirmə tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Göyçayda görülən sosial-iqtisadi inkişaf istiqamətləri barədə qısa məlumat verib, DMX-nin həyata keçirildiyi belə tədbirlərin rayon ictimaiyyətinin maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
DMX-nin Ağsu Regional Miqrasiya İdarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov, idarənin bölmə rəisi Həmid Həbibov tədbirdə çıxış edərək qanunsuz miqrasiyanın qarşısının alınması, insan alverinə qarşı mübarizə istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Ölkədə yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin sənədləşdirmə qaydaları ilə əlaqədar geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.