CƏMİYYƏT
Göyçayda sənaye və məişət tullantılarının yandırılması zamanı ətraf mühitin mühafizəsi tələbləri pozulub




Bakı, 10 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 8-də Göyçay rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.