Göyçayda uşaq bağçası və aztəminatli ailə üçün ev istifadəyə verilib
Göyçay, 27 may, AZƏRTAC
Respublika Günü ərəfəsində Göyçay rayonunun Çayarxı kəndində körpələr evi-uşaq bağçası və Yenikənd kəndində aztəminatlı ailə üçün fərdi yaşayış evi istifadəyə verilib. Hər iki obyektin mayın 27-də keçirilən açılışında rayon rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Çayarxı kəndindəki körpələr evi-uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış və artıq yararsız vəziyyətdə olan binada fəaliyyət göstərirdi. Müasir arxitektura üslubunda tikilən 20 yerlik birmərtəbəli, kürsülü bina lazımi avadanlıqlarla təchiz olunub. Yeni binada 5 otaq, mətbəx, sanitar qovşaq və isitmə sistemi var. Burada uşaqların təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılıb. Bu gün, habelə Yenikənd kəndində aztəminatlı ailə üçün inşa edilmiş 3 otaqlı evin də açılışı olub. Kənd sakini Ceyhun Mübariz oğlu Kərimovun 7 nəfər ailə üzvü ilə birgə yaşadığı 2 otaqlı ev qəzalı vəziyyətə idi. İnşa olunan yeni ev 3 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarətdir. Burada ailənin rahatlığı üçün bütün lazımi şərait var.