Göyçaydakı türk əsgərlərinin məzarları 1918-ci ilin qanlı hadisələrinin tarixi nişanəsidir
Göyçay, 30 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
1918-ci ildə ermənilər ölkəmizin bir çox bölgələrində, o cümlədən Göyçayda günahsız insanlara qarşı böyük vəhşiliklər törədiblər.
Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi Aqil Kəngərli AZƏRTAC-a müsahibəsində bildirib ki, 1918-ci ilin mart-iyun aylarında Bakı, Şamaxı, Lənkəran, Quba, Göyçay, Kürdəmir və Salyanda kütləvi qırğınlar törədən erməni daşnakları və bolşeviklər Gəncə şəhərinə doğru hücuma keçiblər. Lakin general-mayor Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı silahdaşları ilə birləşərək Göyçay ərazisində erməni-rus birləşmələrinin hücumunun qarşısını alıblar. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş verib. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən ölüm-dirim savaşının dönüş nöqtəsi olub. Yəni, türk və azərbaycanlı əsgərlər daşnakları və bolşevik rusları məhz Göyçay ərazisindəki döyüşlərdən sonra geri çəkilməyə məcbur edib, onları Bakıyadək qovublar. Həmin il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad olunub.
Rayonun Bığır, Qaraməryəm, Müskürlü, Cəyirli, Potu və Qarabaqqal kəndlərində türk əsgərlərinin məzarları 1918-ci ilin mart-iyun aylarındakı qanlı hadisələrin tarixi nişanəsidir. Aqil Kəngərli müəllifi olduğu və 2009-cu ildə işıq üzü görən “Yaxın və uzaq tarix” kitabında 31 Mart - Azərbaycanlıların Soyqırımı və 1918-ci ildə baş verən qanlı döyüşlər barədə geniş məlumat verib.
Mart hadisələri zamanı həlak olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi üçün Göyçay şəhərində ucaldılan abidə də tarixin qan yaddaşını özündə əks etdirir. Bu abidə gənclərin və rayona gələn qonaqların ziyarət etdiyi yerlərdəndir. Bu günlərdə abidə təmir edilib, ətrafı abadlaşdırılıb. Rayon tarix-diyarşünaslıq muzeyində azərbaycanlıların soyqırımı və deportasiya tarixini, 1918-ci ildə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Göyçayda törədilən qanlı hadisələri əks etdirən faktların toplandığı daimi guşə yaradılıb. Guşə gənclərin, məktəblilərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.