Göygöldə "PeşədəSən" forumu keçirilib
Gəncə, 20 fevral, Elcan Məmmədov, AZƏRTAC
Göygöldə rayon icra hakimiyyətinin dəstəyi, Göygöl Peşə Məktəbi və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə "PeşədəSən" adlı forum keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.
Sonra Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları izlənilib.
Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova yoxsulluğun azaldılması istiqamətində yeni iş yerlərinin yaradılması, bu sahədə dövlət siyasəti, məşğulluğun təmin edilməsi, inklüziv və iqtisadi artım, eləcə də kənd təsərrüfatının inkişafı və yeni xarici investorların cəlb olunması imkanları barədə çıxış edib.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev Dövlət Məşğulluq Agentliyinin işsiz və işaxtaran şəxslərin məşğulluğu istiqamətində həyata keçirilən islahatlar və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova çıxış edərək peşə hazırlığında tətbiq olunan yeniliklər, mübadilə proqramları, əməkdaşlıq etdikləri müəssisələr, eləcə də kadr hazırlığında istifadə olunan metodiki vəsaitlər haqqında vacib məlumatları diqqətə çatdırıb.
Daha sonra natiqlər tələbə gənclər tərəfindən ünvanlanan suallara cavab veriblər.
Forum bədii hissə ilə başa çatıb.