“Gözün aydın, Xocalı, biz qayıtdıq!” - tədbir



















Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Gözün aydın, Xocalı, biz qayıtdıq!” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin birinci hissəsində “Ana harayı” abidəsinə yürüş keçirilib. Xocalı qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
Yürüşdən sonra Xətai Sənət Mərkəzində anım gününün bədii hissəsi baş tutub. Mərkəzin bədii kollektivləri, tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, mərkəzin gənc aktyorları tərəfindən şerlər səsləndirilib, anım gününə aid kiçik kompozisiyalar, səhnəciklər nümayiş etdirilib. Tədbirdə mərkəzin gənc rəssamlarının Xocalı soyqırımına həsr etdikləri rəsm işləri də sərgilənib.
Qeyd olunub ki, XX əsrin faciəsi sayılan Xocalı soyqırımı gənclər tərəfindən heç vaxt unudulmur və heç zaman unudulmayacaq.