“GREEN HOUSE” İSTİRAHƏT-TURİZM MƏRKƏZİNİN AÇILIŞI
Avqustun 19-da İsmayıllının Sumağallı kəndi yaxınlığında yerləşən “Green House” istirahət-turizm mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmək üçün buraya gəldi və müasir standartlara cavab verən bu turizm obyektinin rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 2 hektar ərazisi olan bu istirahət guşəsində eyni vaxtda 110 nəfərin dincəlməsi üçün 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, 180 yerlik restoran, konfrans salonu, açıq hovuz (30 m x 14 m), 10 ədəd istirahət köşkü, futbol meydançası, camaşırxana, uşaq əyləncə mərkəzi, konsert səhnəsi tikilmişdir. İstirahət mərkəzinə 5 kilometr asfalt yol çəkilmişdir. Burada 65 nəfər xidmət heyəti çalışır. Gələcəkdə dördmərtəbəli 102 otaqlı mehmanxana, xarici və yerli idmançıların istirahəti və təlim-məşq toplanışı üçün idman kompleksi, yeni tennis kortu, voleybol və basketbol meydançaları tikiləcəkdir. Yaxın iki il ərzində burada 250 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Xidmət heyəti Türkiyədə xüsusi kurslar keçmişdir.
Prezident İlham Əliyev istirahət-turizm mərkəzi ilə ətraflı tanış oldu, bu obyektin dilbər bir guşədə, Avropa standartlarına uyğun inşa edildiyini xüsusi vurğuladı və ölkəmizdə turizm sektorunun bundan sonra daha da inkişaf etdirilməsinin əhəmiyyətini xatırlatdı.
Sonra dövlətimizin başçısı səfərdə onu müşayiət edən jurnalistlərə müsahibə verdi.
\Müsahibənin mətni qəzetin növbəti nömrəsində dərc ediləcəkdir\.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 19-da Qəbələ Rayon İcra Hakimiyyətinin binasında Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş nitqi ilə Prezident İlham Əliyev açdı.
Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Rövşən Sadıxov, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Kamil Rəhimov, Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Natiq Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abasov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev müşavirədə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə yekun nitqi söylədi.
(Müşavirə barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).