Güclü külək Astarada bir sıra fəsadlar törədib
Astara, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC
Dünən axşam saatlarından başlayan güclü külək Astara rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək rayonda əsasən elektrik və rabitə təsərrüfatlarına ziyan vurub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verilişində fasilələr olmayıb.
Bundan əlavə güclü külək bir neçə yaşayış binasının, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Binanın dam örtüyü yaxınlıqda dayanan Məharət Həsənova məxsus "Mercedes" markalı minik avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov bildirib ki, baş verən təbii fəlakətlə bağlı Fövqəladə Komissiya səhər tezdən əraziyə baxış keçirib və bir sıra qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara tapşırıqlar verib.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.