DÜNYA
Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib
![](/files/galleryphoto/2023/3/1200x630/1701091242818729215_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17010912424156459533_1200x630.png)
Tbilisi, 27 noyabr, AZƏRTAC
Güclü qar və külək, habelə Qara dənizdə baş verən qasırğa Gürcüstan ərazisində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, dağlıq ərazilərdə qar uçqunu nəticəsində Gürcüstanın bir sıra yollarında, o cümlədən Rusiyaya gedən Yuxarı Lars avtomobil magistralında bütün növ avtomobillərin hərəkəti dayandırılıb.
Batumidəki Yeni Bulvar ərazisində infrastruktura xeyli ziyan dəyib.
Batumi bulvar administrasiyasının məlumatına görə, sahildə 8 bal gücündə qasırğa qeydə alınıb və nəticədə bulvarın gəzinti yerini və bir neçə hissəsini su basıb.
Güclü külək Potinin Kostava küçəsində yerləşən çoxmərtəbəli binanın damını uçurub, təxminən on avtomobilə ziyan dəyib.
Sinoptiklərin məlumatına görə, Gürcüstanda kəskin hava şəraiti qarşıdakı üç gün ərzində davam edəcək. Bölgələrdə güclü yağıntılar, külək, Qara dəniz sahillərində isə 6-7 ballıq qasırğa gözlənilir. Fövqəladə Hallar Departamenti əhalini xüsusən sahil xətti ilə hərəkət etməkdən çəkinməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi