GÜNDƏLİK HASİLAT 800 MİN BARREL OLACAQDIR
“Qərbi Azəri” (QA) platforması isə beş quyudan neft hasil edir. Platforma yanvarın əvvəlində işə salınandan bəri 21 milyon barrel (təqribən 3 milyon ton) neft hasil edilmişdir. Platformadan qazılmış ikinci quyu oktyabrın əvvəllərində istismara verilmişdir. Platformadan qazılan quyuların sayı artdıqca hasilat da yüksələcəkdir.
“Şərqi Azəri” (ŞA) yatağındakı səkkiz qabaqlayıcı quyunun birincisindən neft hasilatına oktyabr ayının 21-də, qrafikdən 4 ay əvvəl başlanmışdır. Xatırladaq ki, ŞA ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənilməsinin 2-ci Fazası tamamlanır.
ŞA-dan birinci neft hazırda təzə sualtı boru kəməri ilə sahil istiqamətində nəql olunur və təxminən on gündən sonra Səngəçal terminalına çatacağı gözlənilir. Hazırda bir quyudan gündə təxminən 25 min barrel neft hasil olunur, amma maksimum məhsuldarlığa çatdıqdan sonra quyunun gündə 38 min barrel neft vermək potensialı vardır. Ən yüksək hasilat zamanı ŞA platformasında gün ərzində 260 min barrel neft hasil ediləcək, beləliklə, Qərbi və Mərkəzi Azəri də daxil olmaqla “Azəri” yatağında ümumi hasilatın həcmi gündə 800 min barreldən çox olacaqdır.