Gündüz İsmayılov: Xaricdə yaşayan soydaşlarımızın Qarabağa səfərləri dini-mənəvi əlaqələrin gücləndirilməsinə xidmət edir
Şuşa, 8 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 44 günlük Vətən müharibəsindən sonra xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində fəaliyyətini daha da gücləndirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
G.İsmayılov komitənin əsas tədbirləri sırasında Türkiyədə və Gürcüstanda yaşayan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil edilməsinin də yer aldığını bildirib: “İndiyə qədər Türkiyə və Gürcüstandan olan din xadimlərinin, ruhanilərin, ilahiyyatçıların Qarabağa səfərlərini təşkil etmişik. Bu səfərlər bir neçə dəfə reallaşdırılıb”.
Sədr müavini qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən budəfəki səfərdə Türkiyə və Gürcüstanla yanaşı, İraqda yaşayan soydaşlarımız da iştirak edir: “Bu səfərləri təşkil etməkdə məqsədimiz xarici ölkələrdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrimizi daha da dərinləşdirmək, onlar arasında milli-mənəvi dəyərlərimizi, Azərbaycanla bağlı həqiqətləri çatdırmaq və təşviq etməkdir. Türkiyə, Gürcüstan, İraqda yaşayan soydaşlarımızın bu səfərlərini təşkil etməkdə məqsədimiz həm də ondan ibarətdir ki, onlar işğaldan azad olunmuş ərazilərlə yanaşı, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi həmrəyliyi görsünlər. Bu həmrəyliyin nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun göstərdiyi o qəhrəmanlığa şahid olsunlar. Bu ərazilərdə ermənilərin həyata keçirdikləri vandalizm aktlarının şahidi olsunlar. Bu səfərlərdə iştirak edən azərbaycanlı din xadimləri bu reallıqları gördükdə onların həm Azərbaycana, öz tarixi vətənlərinə, Azərbaycan dövlətinə inamları daha da artır. Azərbaycan dövlətinin apardığı siyasətin mahiyyətini, burada aparılan quruculuq işlərinin mahiyyətini dərk eləyirlər. Bizim milli-mənəvi dəyərlərimizə, xüsusilə də vandalizmə məruz qalmış məscidlərimizi öz gözləri ilə görürlər və qısa bir müddətdə bunların necə bərpa olunduqlarının şahidi olurlar”.
Müxbir – Tahir Ağaməmmədov