“Güney Azərbaycan folkloru” toplusunun növbəti cildi çapdan çıxıb
Bakı, 10 fevral, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Güney Azərbaycan folkloru” toplusunun XV cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda verilmiş dastanlarda ifaçı aşıqların dialekt, şivə və dil xüsusiyyətləri olduğu kimi saxlanılıb. Səsli faylların dinlənilməsi zamanı aydın olmayan dialekt sözləri və ibarələrə də rast gəlinir ki, həmin anlaşılmazlıqlar nöqtələr və boşluqlarla əvəzlənir. Lakin bu, heç də mətnin ümumi məzmununa xələl gətirmir. Kitabdakı dastanların üçü də Güney Azərbaycan folklor mühitində yetərincə geniş yayılıb.
Xalq arasında “Qulam Heydər və Süsənbər xanım” adı ilə tanınıb sevilən “Qulam Heydər” dastanının səsli fayllarını güneyli tədqiqatçı-alim Əlirza Sərrafi təqdim edib. Onun verdiyi məlumata görə, dastanın mətnini ilk dəfə güneyli tədqiqatçı, ixtisasca mühəndis olan Həmid Şafei tərtib edərək çapa hazırlayıb. H.Şafei ümumilikdə 24 orijinal dastanın mətnini toplayıb bir araya gətirib ki, bu mətnlərdən biri də məhz “Qulam Heydər” dastanıdır. Dastanın ifaçısı Aşıq Məhəmməd Hüseyn Dehqandır.
Kitabdakı ikinci dastan Aşıq Heydərin ifası əsasında səsləndirilmiş fayllardan dinlənilərək yazıya alınıb. Dastan el arasında “Qurdoğlu” adı ilə tanınır.
Üçüncü dastan isə Aşıq Məsihullah Rizayinin ifası əsasında təqdim olunmuş səsli fayllardan yazıya alınıb. “Kəlbi” adlı bu dastanın ifaçısı olan ustad aşığın 200-dən artıq səs yazısı qeydə alınaraq yayımlanıb və aşıq yaradıcılığını sevənlər tərəfindən yüksək dəyər verilib.
“Güney Azərbaycan folkloru” seriyasının layihə rəhbəri Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov, kitabın tərtibçisi Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlidir. Kitaba daxil edilmiş “Qulam Heydər”, “Qurdoğlu” və “Kəlbi” dastanlarını şöbənin əməkdaşları Leyla Aşurova, Səadət İbrahimli və Səbuhi Bədəlov səsli fayllardan dinləyərək yazıya alıblar.