Gürcü politoloq: Keçmiş Qarabağ münaqişəsinin birdəfəlik həlli mühüm əhəmiyyət kəsb edir
Tbilisi, 22 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan ilə Gürcüstan arasında dialoqa böyük ehtiyac var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və mərhum Prezident Eduard Şevardnadze tərəfindən Cənubi Qafqazda dostluğun çox gözəl arxitekturası çəkilib. Bu arxitektura siyasi, iqtisadi və təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, siyasi elmlər doktoru İrakli Qoqava söyləyib.
“Digər tərəfdən isə hər iki ölkənin Böyük İpək yolunun üzərində yerləşməsi bizim rolumuzu daha da artırır, bizə öz potensialımızı göstərməyimiz üçün geniş imkanlar yaradır”, - deyən politoloq əlavə edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və keçmiş Qarabağ münaqişəsinin birdəfəlik həlli əməkdaşlığımızın genişləndirilməsi, digər ölkələrin də bu əməkdaşlığa qoşulması, təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan həm artıq reallaşan enerji, nəqliyyat layihələri, həm də Zəngəzur dəhlizi kimi irimiqyaslı layihələr bölgənin inkişafı üçün geniş imkanlar açır.
“Prezident İlham Əliyevin də dediyi kimi, Cənubi Qafqaz ölkələrinin birgə inkişafı üçün əlverişli imkan yaranıb. Biz bu imkandan maksimum dərəcədə faydalanmalıyıq. Xalqlarımızın rifahı naminə bu, çox vacibdir”, - deyə İrakli Qoqava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi