Gürcüstan ilə Türkiyə orqan donorluğu və transplantasiyası sahəsində birgə əməkdaşlıq edəcəklər
Tbilisi, 27 may, AZƏRTAC
Gürcüstan ilə Türkiyə orqan donorluğu və transplantasiyası sahəsində birgə əməkdaşlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan və Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi TİKA, Türk Nəqli Vəqfi, Gürcüstan Orqan Nəqli Mütəxəssisləri Dərnəyi və Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi imzalayıblar.
Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, layihənin məqsədi transplantasiya laboratoriyasını maddi-texniki və mühəndis dəstəyi ilə təmin etməkdir.
Bundan başqa, Türkiyə tərəfi Gürcüstan üçün mütəxəssislər yetişdirəcək, müvafiq maddi-texniki baza və transplantasiya üçün milli koordinasiya sistemi yaradılacaq.
Gürcüstan səhiyyə nazirinin birinci müavini Tamar Qabunia, transplantasiya sahəsində işlərin aktivləşdirilməsinin çox vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu istiqamətdə tələb böyükdür. Qaraciyər və böyrək nəqli xidmətləri sürətlə inkişaf edir. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi keyfiyyətin yaxşılaşdırılması üçün çox vacibdir. Türkiyə Transplantasiya Cəmiyyəti ilə imzalanan bugünkü toplantı və memorandum və Türkiyə Texniki Koordinasiya Agentliyi tərəfindən dəstəklənən təşəbbüs, gürcü mütəxəssislərin bacarıqlarının artırılmasına, eyni zamanda təlimlərin keçirilməsinə və ümumiyyətlə bu sahədə əməkdaşlığın gücləndirilməsinə yönəldilib.
Layihə TİKA tərəfindən maliyyələşdiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi