SİYASƏT
Gürcüstan parlamentində Xocalı soyqırımının müzakirə olunması təklif edilib
Tbilisi, 22 fevral, AZƏRTAC
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov parlamentin fevralın 22-də keçirilən iclasında Xocalı soyqırımı ilə əlaqədar məsələ qaldırıb.
A.Süleymanov çıxış edərək ermənilərin 25 il bundan əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində xüsusi qəddarlıqla qətliam törətdiyini bildirib. O deyib: “Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb. Dünya ictimaiyyəti, 100-dən çox dövlət, o cümlədən ABŞ-ın bir çox ştatı bu qətliamı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət adlandırıb. Xahiş edirəm, Gürcüstan parlamenti də məsələni müzakirə etsin və məsələyə tərəfimizdən hüquqi qiymət verilsin”.
Deputat, eyni zamanda, 96 il bundan əvvəl Gürcüstanın azadlığı uğrunda həlak olan insanların xatirəsini anıb, xalqlarımızın oxşar taleyə malik olduqlarını bildirib.
Gürcüstan parlamentinin digər azərbaycanlı deputat Savalan Mirzəyev də A.Süleymanova dəstək verib, onun çıxışını müdafiə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi