SİYASƏT
GÜRCÜSTAN PREZİDENTİ MİXEİL SAAKAŞVİLİNİN XVII BEYNƏLXALQ XƏZƏR NEFT-QAZ SƏRGİ VƏ KONFRANSININ İŞTİRAKÇILARINA MÜRACİƏTİ
Karbohidrogen ehtiyatlarına görə Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkəyə çevrilir. Eyni zamanda, Gürcüstanın strateji ərazidə yerləşməsi onu Cənubi Qafqaz regionu üçün nəqliyyat qovşağına çevirir və ölkəmiz Qərbi Avropa ilə Xəzər regionu arasında ən qısa tranzit marşrutun mühüm hissəsidir. Bu, “Cənub dəhlizi” təşəbbüsü çərçivəsində layihələrin həyata keçirilməsini asanlaşdırmaq üçün mövcud olan resursların və infrastrukturun əla kombinasiyasıdır. Regionda baş vermiş son hadisələr və ümumi təcrübə daşıma marşrutlarının və təchizatın şaxələndirilməsi, həmçinin səmərəli əməkdaşlıq üçün zəruri şəraitin nə dərəcədə vacib olduğunu aydın şəkildə nümayiş etdirdi. Bu baxımdan, iki ölkə - Azərbaycan və Gürcüstan özlərinin və bütövlükdə regionun gələcək siyasi və iqtisadi rifahına nail olmaq məqsədilə möhkəm əsas yaradan əməkdaşlığın təməl daşı kimi enerji və daşıma sahəsini seçmişlər.
Gürcüstan öz qonşuları Azərbaycan və Türkiyə ilə regionda körpü rolunu oynamağa hazırdır. Ölkələrimizin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin reallaşması Xəzərin enerji resurslarının Avropa bazarlarına etibarlı şəkildə nəqli üçün regionda səmərəli tranzit dəhlizlərinin olmasını təmin edir.
Avropa İttifaqının prioriteti hesab olunan “Cənub dəhlizi” çərçivəsində planlaşdırılan layihələr həyata keçirilməli, istehlakçı, tranzit və hasilatçı ölkələrin maraqları tarazlaşdırılmalıdır. “Cənub dəhlizi”nin inkişaf prosesi çərçivəsində alternativ enerji tranziti layihələrinin həyata keçirilməsini nəzərə alaraq, Azərbaycan və Gürcüstan regionu Avropa İttifaqının bazarı ilə birbaşa və ən qısa yolla birləşdirəcək Trans-Qara dəniz əlaqəsinin yaradılmasına çalışacaqlar. Maye qazın nəqli layihələrinin həyata keçirilmə imkanları iki dövlət arasında fəal əməkdaşlığın mövzusuna çevrilir. AQRİ layihəsinə dair Azərbaycan-Gürcüstan-Rumıniya arasında hökumətlərarası sazişin bu yaxınlarda imzalanması Avropa İttifaqının enerji təhlükəsizliyi məqsədinə töhfə olaraq, Azərbaycanın təbii qazının Xəzər regionundan Gürcüstanın ərazisi və Qara dəniz vasitəsilə Avropaya alternativ nəqli marşrutunu yaratmaq arzusundan irəli gəlir.
Yekun olaraq, icazə verin qeyd edim ki, dünyada baş verən son hadisələr gələcəyin, xüsusən də Qara dəniz və Xəzər dənizi regionlarının ölkələri üçün nə dərəcədə mürəkkəb olacağını nümayiş etdirdi. Həmin çağırışların aradan qaldırılmasında ardıcıl və düşünülmüş səylərin göstərilməsi bizim Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızın əsas aspekti olaraq qalır. Gürcüstan isə, öz növbəsində, sizin hamınızla tam əməkdaşlıq edərək, həmin çağırışları aradan qaldırmağa hazırdır.