Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib




Tbilisi, 18 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüblər.
Gürcüstanın İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.
Söhbət zamanı Orta Dəhlizin artan rolu və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək.
Tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulan dəmir yolu ilə sərnişin daşınması məsələsini də müzakirə ediblər. Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi