Gürcüstanda “II İrakli və Xudu Borçalı” kitabı nəşr olunub
Tbilisi, 2 mart, AZƏRTAC
Tbilisidə igid və cəsur soydaşımız Xudu Borçalı və gürcü çarı II İraklinin həyatından bəhs edən “II İrakli və Xudu Borçalı” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-gürcü ədəbi əlaqələrində tərcüməçilik fəaliyyətini uğurla davam etdirən Mirzə Məmmədoğlunun müəllifi olduğu kitabda məşhur Aspindza döyüşünün qəhrəmanı, igid və cəsur soydaşımız Xudu Borçalı və Gürcüstan tarixində qəhrəmanlıqları ilə şanlı səhifələr yazmış gürcü çarı II İraklinin həyatının ayrı-ayrı məqamları, bu iki tarixi şəxsiyyət arasında mövcud olan dostluq, xoş ünsiyyət və digər məqamlar öz əksini tapıb.
Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu deyib: “Adlı-sanlı qəhrəmanlarımızdan olan Xudu Borçalı təxəllüsünü qəbul edib və bu ada layiq ömür yaşayıb. Qəhrəmanlıq səhifələri ilə Gürcüstan tarixinə daxil olan Aspindza döyüşünü xatırlayanda ilk növbədə Xudu Borçalı yada düşür. Xudu Borçalı xatırlananda Aspindza döyüşü yada düşür”.
Müəllifin sözlərinə görə, X.Borçalı haqqında ilk dəfə tarixçi şahzadə Teymuraz Baqrationi özünün “Yeni tarix” kitabında bir kəlmə ilə onu gözəl xarakterizə edib: “Bütün Gürcüstanda əzəmətli, cəsur, igid olan Xudu Borçalı”.
Sonralar klassik yazıçı və ədiblərin əsərlərində Xudu Borçalıya aid məqamlardan istifadə olunub. Anzor Salukvadzenin “And kitabı” əsəri əsasında çəkilmiş çoxseriyalı filmdə Xudu Borçalının parlaq obrazı yaradılıb.
Müəllifin öz vəsaiti hesabına nəşr olunan bu kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi