Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi təşkil olunub
Bakı, 20 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Parlaq gələcək” Kitab Evinin təşkilatçılığı ilə Gürcüstanın Qurcaani rayonunun Qaçreti qəsəbəsində “Gürcüstanlı gənclərin yeni tanışlıqları və xoş xatirələr” adlı yay düşərgəsi keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən düşərgənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri bir araya gətirmək, onların milli-mədəni dəyərlərlə tanışlığını, qarşılıqlı ünsiyyətini və dostluq münasibətlərini gücləndirmək, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq olub.
İştirakçılar əvvəlcə Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Düşərgənin açılışında layihənin təşkilatçısı Rafail Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Sabit Məmmədov, Elvin Əsgərov və Yor-Muğanlı İctimai Məktəbinin müəllimi Yekaterina Kaftuaşvili çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin diaspor siyasətinə göstərdiyi diqqət nəticəsində soydaşlarımızın Azərbaycanla əlaqələrinin, ana dilinin, milli-mədəni irsin və adət-ənənələrin qorunmasına yönəlmiş layihələrin həyata keçirildiyi vurğulanıb.
Düşərgə çərçivəsində gənclər komanda oyunlarında, yaradıcılıq emalatxanalarında və sosial fəaliyyətlərdə iştirak edib, mədəniyyət axşamlarında Azərbaycan və Gürcüstan folklorundan nümunələr, milli rəqslər və adət-ənənələr təqdim ediblər. Birgə fəaliyyətlər azərbaycanlı və gürcü gənclər arasında qarşılıqlı etimad, dostluq və əməkdaşlığın möhkəmlənməsinə, xalqlar arasında tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin gənc nəsildə davam etdirilməsinə xidmət göstərib.
Bağlanış mərasimində fəallıq göstərən iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.