GÜRCÜSTANDAKI SƏFİRLİYİMİZDƏ SOYDAŞLARIMIZLA GÖRÜŞ OLMUŞDUR
S.Əliyev, professor Valeh Hacıyevin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilməsini mühüm fakt kimi səciyyələndirmiş, II qurultayın qətnaməsinin həyata keçirilməsində Gürcüstan azərbaycanlılarının da xüsusi səy göstərəcəklərinə əmin olduğunu bildirmişdir. Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqindən söhbət açan müvəqqəti işlər vəkili, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından, ümummilli liderimiz Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısından, Azərbaycan rəhbərliyinin ulu öndərin bu siyasi xəttini layiqincə davam etdirməsindən danışmışdır.
Diplomat Gürcüstan azərbaycanlılarının problemlərinin həlli üçün Azərbaycan Prezidentinin təşəbbüsü ilə hökumətlərarası xüsusi proqram hazırlandığını, Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdə Tbilisidə fondun nümayəndəliyinin açılmasına dair razılıq əldə edildiyini vurğulamışdır. O, yaxın vaxtlarda Tbilisidə ulu öndərimiz Heydər Əliyevə abidə qoyulması və səfirlik üçün bina alınması, yaxud yeni binanın inşası üçün sahə ayrılması barədə Gürcüstan tərəfi ilə danışıqlar aparıldığını bildirmişdir.
Sonra qurultay iştirakçılarından Gürcüstan parlamentinin deputatı Allahverdi Hümmətov, Marneuli Rayon Təhsil Şöbəsinin müdiri Kamandar İsmayılov, Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova və başqaları qurultay təəssüratlarını bölüşmüş, Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açmışlar.