Gürcüstandakı soydaşlarımız Türkiyəyə dəstək kampaniyasında fəal iştirak edirlər
Tbilisi, 10 fevral, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara yardım kampaniyasına qoşulublar.
AZƏRTAC xəbər verir ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Qaraçöp və digər bölgələrdə xeyli yardım toplanıb.
Fevralın 9-da Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyin Yusifov, "Lider Media" təşkilatının və 24News.ge xəbər portalının rəhbəri Azər Məmmədov Türkiyənin Gürcüstandakı səfirliyində olub, səfir Ali Kaan Orbayla toplanan vəsaitin təyinatı üzrə çatdırılması məsələlərini müzakirə ediblər.
Bildirilib ki, toplanılan 10 min laridən çox maliyyə vəsaiti hesabına gec xarab olan qida vasitələri, uşaq yeməkləri, eləcə də gigiyenik vasitələr alınacaq.
Azər Məmmədov AZƏRTAC-a bildirib ki, alınacaq bu kimi mallar fevralın 10-da Türkiyə səfirliyinə təqdim olunacaq. Vətəndaşlardan toplanan geyim əşyaları, yataq dəstləri, qızdırıcı vasitələr isə soydaşlarımız tərəfindən Türkiyənin Qars vilayət rəhbərliyinə çatdırılacaq.
Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi həmin vasitələrin Qarsa daşınması üçün iki yük avtomobili ayırıb.
GAK sədri H.Yusifov isə bildirib ki, yardım kampaniyası davam edir. Bu gün Kvemo Kartli bölgəsinin bütün rayonlarında müxtəlif qruplar tərəfindən yardım toplanılır. GAK bu yardımların da təyinatı üzrə çatdırılmasına dəstək olacaq.
AZƏRTAC-ın xüsusi müxbiri