Gürcüstandakı soydaşlarımıza yardım aksiyası davam edir
Tbilisi, 16 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyinə (AZEBİ) üzv olan şirkətlər Prezident İlham Əliyevin çağırışına qoşularaq soydaşlarımıza yardım kampaniyasını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-yə üzv olan şirkətlərin maliyyə dəstəyi ilə növbəti yardım aprelin 16-da Gürcüstanın Şidi Kartli bölgəsində yaşayan soydaşlarımıza çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Şida Kartli bölgəsinin qubernatoru Georgi Xojevanişvili ilə görüşüb.
Yardımın məqsədi barədə qubernatora məlumat verilib.
Bildirilib ki, Azərbaycan səfirliyinin təşəbbüsü və AZEBİ-nin maliyyə dəstəyi ilə toplanan yardımlar əsasən, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün nəzərdə tutulub.
Səfir Dursun Həsənov deyib ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluğun qədim tarixi kökləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu gün uğurla davam etdirilir.
Diplomat Azərbaycanın təşəbbüsü və Gürcüstanın da iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışıb. Xalqlarımızın rifah halının yaxşılaşmasında bu layihələrin əhəmiyyətini xüsusi qeyd edib.
Qubernator Georgi Xojevanişvili göstərilən diqqət və qayğıya görə, minnətdarlıq edib. Bildirib ki, Azərbaycan ən çətin günlərdə Gürcüstanın yanında olub. Koronavirusun tüğyan etdiyi bir vaxtda edilən bu yardım əsl dost köməyidir.
Georgi Xojevanişvili Bakıda, Heydər Əliyev Mərkəzinin binası üzərində Gürcüstanın bayrağının videoproyeksiyasını xüsusi vurğulayıb. Bunun Azərbaycan xalqının həmrəyliyinin ən yaxşı nümunəsi olduğunu bildirib.
Sonra Qori, Kaspi, Kvareli və Agara rayonlarında 200-dən çox ailə üçün nəzərdə tutulan yardım paketləri bölgə rəhbərliyinə təqdim olunub. Qubernator tez bir zamanda yardımların sahiblərinə çatdırılacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi