CƏMİYYƏT
GÜRCÜSTANDAKI TÜRKİYƏ DOSTLUQ DƏRNƏYİ TBİLİSİDƏ İFTAR SÜFRƏSİ AÇMIŞDIR
Tbilisi, 28 avqust (AZƏRTAC). Gürcüstandakı Türkiyə Dostluq Dərnəyi Tbilisi şəhərindəki “Kosmos” restoranında avqustun 27-də iftar süfrəsi açmışdır.
Üç yüz nəfərdən çox qonağın iştirak etdiyi süfrə Türkiyədən dəvət olunmuş müəzzinlərin Qurani-Kərimdən surələr oxuması ilə açılmışdır. Məclis Mübarək Ramazan ayının müqəddəsliyi, orucun xeyri barədə hədislərlə davam etdirilmişdir. Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Əhməd Ərdən orucluq barədə türk və gürcü dillərində ətraflı məlumat vermişdir.
Məclisdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Şövqi Mehdizadə, Fəxri Hacıyev, TİKA-nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Rəsul Durmaz, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Gürcüstandakı Türkiyə Dostluq Dərnəyinin rəhbəri Emin Şəkərçi iştirakçılara təşəkkür etmiş, sülh və əmin-amanlıq diləmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi