Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstandan idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.
Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub.