Gürcüstanın azərbaycanlılar yaşayan kəndində məktəb problemi həll olunur
Tbilisi, 12 avqust, AZƏRTAC
Gürcüstanın Laqodexi rayonunda əsasən azərbaycanlıların yaşadığı Qabal kəndində yeni ictimai məktəb binası inşa olunur.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının liderləri ilə birgə kəndə baş çəkib və tikinti işləri ilə tanış olub.
Baş Nazirə məlumat verilib ki, müasir standartlara tam cavab verəcək Azərbaycandilli məktəb 300 şagird üçün nəzərdə tutulub.
Laqodexi Rayon İcra Hakimiyyəti başçısının Qabal kəndi üzrə səlahiyyətli nümayəndəsi Namaz Allahverdiyev AZƏRTAC-a bildirib ki, Laqodexi bələdiyyəsində 30 ildən çoxdur yeni təhsil müəssisəsi inşa olunmayıb. Bu il Bələdiyyələrin İnkişafı Fondunun vəsaiti hesabına rayonda biri Qabal kəndində olmaqla, iki ictimai məktəb tikilir.
“Yeni məktəb istifadəyə verildikdən sonra mövcud problemlər aradan qalxacaq və şagirdlər birnövbəlilik əsasında rahat təhsil ala biləcəklər. Yeni məktəbdə istilik sistemi quraşdırılacaq, idman kompleksi, kimya, fizika və digər fənlər üçün müasir tipli laboratoriya da yaradılacaq”, - deyə N.Allahverdiyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi