Gürcüstanın xarici işlər nazirinin müavini Diasporla İş üzrə Dövlət Komitəsində olub
Bakı, 17 aprel, AZƏRTAC
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Fuad Muradov Azərbaycanın diaspor siyasəti haqqında məlumat verib və Komitənin bu sahədə gördüyü işlərdən danışıb.
Nazir müavini Laşa Darsalia ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib.
Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiya olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin reallaşdırılması, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.