Hacıqabul polisi imkanı zəif olan və tənha yaşayan insanlara yardım edib
Bakı, 3 aprel, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” devizi altında aksiya keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısınının vaxtında alınması üçün polis əməkdaşları tərəfindən rayon ərazisində yaşayan maddi cəhətdən imkanı zəif olan sakinlərə və tənha yaşayan yaşlı insanlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib.
Polis əməkdaşları sakinlərlə söhbətlər aparıb, sağlamlıqlarının qorunması üçün evdə qalmağı məsləhət görüblər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barədə məlumat veriblər.
Yaşlı rayon sakinləri onların qayğılarına qalan Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.