Hakan Çalhanoğlu: Türkiyə millisi yeni inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyə yığmasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Avro-2016”nın final mərhələsinə birbaşa vəsiqə qazanmanın sevincini media ilə bölüşüb.
AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, H.Çalhanoğlu Türkiyə millisinin turnirin final mərhələsinə yüksəlməsindən qürur duyduğunu və komandasının buna layıq olduğunu ifadə edib. Yarımmüdafiəçinin sözlərinə görə, komanda son oyunlarda səviyyə baxımından yeni mərhələyə qədəm qoyub: “Əsəblərimizi cilovlayaraq, təmkinliyimizi qoruduq. Oyun başa çatandan sonra hər kəs telefonunu götürüb, diqqətini Latviya-Qazaxıstan qarşılaşmasına cəmlədi. Oyunun final fiti səslənən kimi göz yaşlarımı saxlaya bilmədim”.
Ölkəsi və komandası ilə qürur duyduğunu deyən H.Çalhanoğlu ilk dəfə yığma ilə belə bir mötəbər futbol turnirində təmsil olunacağını bildirib.