HAKİM SEÇKİLƏRİNİN İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK
Sentyabrın 18-də “Gülüstan” sarayında 1048 nəfər hakimliyə namizəd arasında test imtahanı keçirilmişdir. İmtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi, cavabların təxirə salınmadan yoxlanılması bilavasitə imtahan zalında namizədlər qarşısında həyata keçirilmişdir.
İmtahan prosesini nüfuzlu beynəlxalq təşkilatların və yerli QHT-lərin 30-dək müşahidəçisi, bütün televiziya kanallarının, informasiya agentliklərinin, habelə mətbuatın nümayəndələri izləmişlər.
Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualı bankından təsadüfi seçim yolu ilə 100 sualdan ibarət 10 variantda sual bloku ayrılmış, hakimliyə namizədlər bu sual bloklarından birini seçmiş və o, yerindəcə kitabça şəklində çoxaldılaraq namizədlərə paylanmışdır.
Dörd saat davam edən imtahanın nəticələri optik oxuyucu qurğu vasitəsilə dərhal yoxlanılmış, kodlar üzrə elan, o cümlədən mətbuata verilmiş və internetdə yerləşdirilmişdir.
Ölkəmizin tarixində ilk dəfə keçirilən bu tədbir beynəlxalq müşahidəçilər tərəfindən həddən artıq şəffaf prosedur kimi yüksək dəyərləndirilmiş, bir çox inkişaf etmiş dövlətlərdə belə tədbirlərin keçirilməsinin yalnız arzu olunduğu bildirilmişdir.