SİYASƏT
HAKİMLƏR ÜÇÜN TRENİNQ-SEMİNAR
Ədliyyə Nazirliyi ilə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) arasında sıx əməkdaşlıq şəraitində həyata keçirilən “Məhkəmə və hüquq islahatları” layihəsi çərçivəsində noyabrın 6-da “Hüquq və media” tədris mərkəzində hakimlər üçün Mülki Məcəlləsinin tətbiq edilməsi problemlərinə həsr olunmuş növbəti treninq-seminar başlanmışdır.
Apellyasiya və iqtisad məhkəmələrinin hakimləri və birinci instansiya hakimlərinin iştirak etdikləri seminarda GTZ-nin eksperti, Bremen əyalət məhkəməsinin hakimi Peter Lütrinhausun “Mülki Məcəllənin tətbiqinin bəzi problemləri” mövzusunda məruzəsi dinlənilmişdir. O, Mülki Məcəllənin tətbiqi sahəsində beynəlxalq təcrübədən və Almaniyada əyalət məhkəmələrinin və digər məhkəmələrin fəaliyyətindən ətraflı danışmışdır.
Məruzədən sonra Peter Lütrinhaus və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin digər nümayəndələri hakimlərin suallarına cavab vermişlər, habelə Mülki Məcəllənin Azərbaycanda tətbiqinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.