HANA SİNGER: AZƏRBAYCANDA UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ÇOX BÖYÜK İŞLƏR GÖRÜLMÜŞDÜR
Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox böyük işlər görülmüşdür.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda diplomatik missiyasının başa çatması ilə bağlı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan tədbirdə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer söyləmişdir.
H. Singer ölkəmizdə 4 illik fəaliyyətindən şərəf duyduğunu bildirmiş və demişdir ki, torpaqlarının 20 faizinin işğal altında olan, çoxlu sayda qaçqın və məcburi köçkünün yaşadığı Azərbaycanda uşaqlar böyük qayğıya ehtiyac duyurlar. Azərbaycan bu gün sürətli templərlə inkişaf edir və mən istərdim ki, bu ölkənin gənc nəsli daha firavan və sağlam böyüsün.
Bu 4 ildə Azərbaycanda baş vermiş iqtisadi inqilab təhsil, səhiyyə sahəsində də böyük canlanma yaratmışdır.
H.Singer Azərbaycanda uşaqların sosial təminatının qorunması sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin səylərini yüksək qiymətləndirmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə bir sıra layihələrdə fəal iştirak etdiyi üçün Hana Singeri Azərbaycan uşaqlarının dostu adlandırmışdır. Nazir YUNİSEF-lə birgə həyata keçirilən layihələrin ölkəmizdə sağlam gənc nəslin böyüməsində mühüm rol oynayacağını bildirmişdir.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli baycanın ən ağır dövrlərində BMT-nin bir sıra layihələr həyata keçirdiyini söyləmiş, BMT-nin Uşaq Fondunun xidmətlərini xüsusi vurğulamışdır. H.Rəcəbli demişdir ki, YUNİSEF-in dəstəyi ilə Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində dünya modeli tətbiq olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.
######
