HASİLAT VƏ TƏHVİL PROQNOZUNA ARTIQLAMASI İLƏ ƏMƏL OLUNMUŞDUR
Müştərək müəssisələr və əməliyyat şirkətləri bu ilin iyun ayında neft hasilatı üzrə proqnozu artıqlaması ilə yerinə yetiriblər. Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, həmin müəssisə və şirkətlərin neftçiləri ay ərzində 61 min 700 ton əvəzinə 70 min 300 ton neft çıxararaq, proqnoza 113,9 faiz əməl etmişlər. Bu qrumların potensial imkanlarını nəzərə alsaq, 8,6 min ton əlavə neft yüksək göstricidir. İlin ilk altı ayı ərzində isə neftçilər 372 min tona qarşı 422 min 500 ton, yəni keçən ilin müvafiq dövrünə nisbətən 51 min 200 ton əlavə “qara qızıl” hasil edərək, tapşırığı 113,6 faiz yerinə yetirməyə nail olmuşlar. Müştərək müəssisələr və əməliyyat şirkətləri neftin təhvilində də fərqlənmişlər. Belə ki, nəzərdə tutulandan 8 min ton artıq, yəni 68 min ton neft çıxarılmış, hasilat üzrə plan 113,3 faizə çatdırılmışdır. Neftçilər ötən ilin müvafiq döründəkindən 55 min 800 ton çox, yəni 406 min 900 ton xam neft hasil etməklə, istehsal tapşırığına 112,4 faiz əməl etmişlər.